AXCP və REAL iqtidar-müxalifət görüşünə çağırılmadı

AXCP və REAL iqtidar-müxalifət görüşünə çağırılmadı "Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm".

Faktaz.com APA-ya istinadən xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, dünən internet vasitəsilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərib: "Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

Görüşə REAL partiyası da qatılmayıb. Partiyanın icra katibi Natiq Cəfərli unikal.org-a deyib ki, sözügedən tədbirə dəvət olunmayıblar və bu səbəbdən də həmin görüşdə iştirak etmirlər: "Əgər dəvət Yeni Azərbaycan Partiyasından gəlsəydi, bu təklifi dəyərləndirərdirk. Biz belə bir dialoq ortamından qaçan da deyilik. Amma siyasi qüvvələr arasındakı görüşü belə formatda keçirilməsini doğru saymıram. Amma hakim partiyanın öz təşəbbüsü, müəyyən olunmuş mövzular ətrafında müzakirələr, rəsmi dəvət göndərilsə, iştirak edə bilərik. Burada heç bir problem yoxdur. Bugünkü tədbirə gəlincə, çağırılmayan yerə necə gedək? Hesab edirəm ki, bu məsələlərdə hakim partiya özü təşəbbüskar olmalıdır. Əslində bu cür görüşlərin keçirilməsinə çoxdan ehtiyac var".

Qeyd edək ki, Musavat Partiyasın başqanı Arif Hacılı da tədbirə qatılmayıb.

Oxşar xəbərlər