Növbədənkənar seçki xəbəri deputatların “kürkünə birə salıb”- Şok adlar

Növbədənkənar seçki xəbəri deputatların “kürkünə birə salıb”- Şok adlar Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi xəbəri “mandatı sürüşkən” deputatların “kürkünə birə salıb”.

Reportyor.info-ya verilən məlumata görə, bəzi mandat sahibləri indidən əl-ayağa düşüblər və qeyri-rəsmi təbliğata başlayıblar.

Onlar bölgələrə səfərlər edir, seçicilərlə, şəhid ailələri, köçkünlərlə görüşlər keçirir, mediada tirajlayır, qeyri-rəsmi olaraq seçki təbliğatı aparırlar.

Buna səbəb həmin parlament üzvlərinin qarşıdakı seçkidə bir daha deputat olub-olmayacaqlarına qeyri-əminlikləridir.

Hakimiyyət bir çox millət vəkillərinə zəmanət verməyib ki, növbəti çağırışda da millət vəkili statusu daşıyacaqlar.

Növbəti Milli Məclis seçkilərinin daha rəqabətli olacağı gözlənilir. Bu xüsusda potensialınıyüksək səviyyədə nümayiş etdirənlər parlamentə buraxılacaq.

Şübhəsiz ki, tükdən asılı bir proses olan seçkidə kimlərinsə “vurulması”, kimlərinsə təbliğat – təşviqat kampaniyasına xərclədiyi pulların batması istisna deyil.

Ona görə də bəzi deputatlar indidən hərəkətlənib, özlərini seçicilərə canıyanan göstərirlər, sovqat aparırlar, problemləri ilə maraqlanırlar.

Bununla vətəndaşlara yox, iqtidara lazımlı olduqlarını sübut etməyə çalışırlar. Amma bəzi informasiyalara görə, hakimiyyət bu dəfə parlamentə müstəqil, intellektli, oliqarxlaşmamış namizədləri buraxmağa hazırlaşır.

Həmçinin, müxalif namizədlərə 20-yə qədər manat verilməsi nəzərdə tutulur. Odur ki, yerlər sayca məhduddur, biznesmen namizədlərin şansları aşağıdır, erkəndən dəridən-qabıqdan çıxmağa başlayıblar.

Əldə etdiyimiz məlumatlara görə, “Karat” holdinq rəhbəri Əsabil Qasımov, Sabirabadda biznesmen kimi tanınan Rüstəm Xəlilov və Elçin Quliyev kimi deputatlarla vidalaşmaq vaxtıdır.

İqtidar çətin ki, onlara mandat versin. Oxşar aqibət Mirzəcan Xəlilovu, Hacı Salayevi gözləyə bilər.

Bir tərəfdən passiv, susqun, iqtidarı müdafiə etməyən, bir yandan da mandatdan yalnız biznesin toxunulmazlığı üçün istifadə edən adıçəkilən deputatlar prezidentin yeni yeni idarəçilik modelinə daban-dabana ziddirlər.

Xəbərlərə görə, 1990-cı ildən deputat olan biznesmen Madər Musayev, oğlunun Dubay biznesi ilə gündəmə gəlmiş Aytən Mustafayeva, heç bir siyasi dayağı olmayan Gəncə deputatları – Pərvin Kərimzadə və Naqif Həmzəyev, Kürədmirdən Müslüm Məmmədov kimi deputatlar 2020- seçkilərində olmaya bilərlər.

Reportyor.info-ya verilən məlumata görə,hakimiyyət çıxışları cəmiyyətdə hiddət, qıcıq doğuran, məsxərəyə çevrilən, hökumətin və onun başçısının imicini zədələyən deputatların “qələmini qırıb”.

Lakin əsas biznesmen deputatlar üzərində proses fokuslanacaq. Artıq sərvətlərin bölüşdürülməsi dövrü başa çatıb. İndi oliqarxlaşmaya imkan verilməyəcək və parlamentə pullu millət vəkilləri lazım deyil.

Hakimiyyətin ən çox ehtiyacı olan parlamentdə savadlı, natiqliyi olan, beynəlxalq təşkilatların konfranslarında ölkənin maraqlarını arqumentlərlə müdafiə etməyi bacaran, tənqidlərə faktlarla cavab verməyi bilən namizədlər lazımdır.

Ona görə də Qaxdan mebel biznesi ilə tanınan Azər Kərimli, Şəkidən aptek biznesi ilə ad çıxarmış Cavanşir Feyziyev, Zəngilandan obyektləri, nömrə alveri ilə məşhurlaşmış İmamverdi İsmayılov kimi deputatların yeni Milli Məclisin tərkibində olacağı qeyri-müəyyəndir.

Mötəbər qaynaqlardan sızan informasiyalarda bildirilir ki, erkən seçki olacağı xəbəri bu səbəbdən deputatların bir çoxunu təlaşlandırıb, daha tez fəaliyyətə keçməyə vadar edib.

Çünki özləri də dəqiq bilmirlər ki, bu ilin payızında növbədənkənar seçki təyin olunacaq yoxsa 2020-nin yazında keçiriləcək.

Bundan əlavə, hazırkı ruspərəst qruplar və onların “5-ci kolon”u olan parlamentin böyük hissəsi Moskvanın Qarabağla bağlı siyasətini diqtə eləməyə çalışır.

Kremlin strateji ssenarisi ondan ibarətdir ki, üç rayon Azərbaycana qaytarılır, rus qoşunları sülhməramlı adı ilə İrana yaxın ərazilərimizə yerləşdirilir. Lakin iqtidarın içindəki Qərbpərəst və islahatçı qanad bu siyasətin tamamilə əleyhinədir.

İslahat tərəfdarları Rusiyanın maraqlarının bu şəkildə Azərbaycanda təmin olunmasına imkam vermək istəmir və bunun üçün ilk növbədə köhnə kadrların bir çoxu yaya qədər yola salınmalı, ardınca oktyabrda deputat seçkiləri keçirilməlidir.

Milli Məclisin yeni tərkibi isə gənc və Qərbpərəst siyasətçilərdən üstünlük təşkil edəcək. Hazırkı parlament heyəti isə islahatları dərinləşdirən, genişləndirən hakim gücləri qane eləmir.

Və onları “zərərsizləşdirmək” lazımdır. Çünki istənilən halda üç rayon və digər strateji məsələlərlə bağlı qərarlar parlamentdən keçir.

Oktyabrda seçki keçirib ən yeni deputatlarla qanunverici orqanı təşkil eləmək mümkün olsa, Azərbaycanın Rusiyadan qopma və təsirlərini neytrallaşdırma imkanları genişlənəcək, Avroatlantik məkana inteqrasiya siyasəti sürətləndiriləcək.

İndiki halda Azərbaycanın Qərblə daha artıq yaxınlaşmasını ən çox prezident İlham Əliyevlə I vitse-prezident Mehriban Əliyeva istəyir.

Onların son aylardakı fəaliyyəti, islahatlar paketinin ortaya qoyulması, hakimiyyəti öz əllərində cəmləşdirə bilməsi göstərir ki, köhnələr qurtulmaq, yeni səhifə açmaq və Qərbi də razı salacaq real reformaları davam etdirmək arzusundadırlar.

Gülay

REPORTYOR.info

Oxşar xəbərlər