ABŞ-ın gündəlik neft hasilatı 12,1 milyon barreldir

ABŞ-ın gündəlik neft hasilatı 12,1 milyon barreldir Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artıb

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 100 min barrel artaraq gündəlik 12,1 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 1000 barrel azalıb, digər ştatlarda isə 100 min barrel artıb.

Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda isə 12,2 milyon barrelə yüksəlib. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 66 həftənin 50-də artım qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,15 milyon barrel artaraq gündəlik 7,14 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 280 min barrel çoxalaraq sutkada 2,68 milyon barrel olub.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel təşkil edəcək.(AZƏRTAC)

Oxşar xəbərlər