Güney Azərbaycanda saxta araq 7 can aldı

Güney Azərbaycanda saxta araq 7 can aldı Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami ötən günlərdə əyalətdə saxta alkoqollu içkilərdən ölənlərin dəqiq sayını açıqlayıb.

Faktaz.com xəbər verir ki, bu barədə martın 13-də açıqlama verən B.Bəhrami ölənlərin sayının 7 nəfərə çatdığını bildirib.

“Ötən gün səhər saatlarına qədər saxta alkoqollu içki içənlərdən 38-i zəhərlənib. Onların 22-i Bukan, 14-ü Urmiya, 2-i isə Piranşəhr şəhərlərinin sakinləri olub. Zəhərlənənlərdən 7-i ölüb”, – deyə o bildirib.

Təcili Tibbi Yardım Mərkəzi rəisinin sözlərinə görə, saxta içkilərdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlərdən yalnız 8-i xəstəxanadadır, qalan 23 nəfər evə buraxılıb.

Oxşar hadisə ötən həftələrdə Ərdəbil əyalətinin Meşkinşəhr və Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində baş verib. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə isə 1 nəfərin öldüyü və 73 nəfərin zəhərləndiyi bildirilmişdi.

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildə islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

Oxşar xəbərlər