Vergilər Nazirliyi Hacıyevə qarşı 1.7 milyonluq iddia qaldırıb

Vergilər Nazirliyi Hacıyevə qarşı 1.7 milyonluq iddia qaldırıb Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.

Faktaz.com-un verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə Azərbaycan Beynəlxalq Bankı, Vergilər Nazirliyi və “Aqrarkredit” QSC-nin zərərçəkmiş qismində tanındığı bildirilib.

Vergilər Nazirliyinin nümayəndəsi mülki iddia qaldıraraq onlara dəyən ziyanın, 1 milyon 752 min 359 manatın C.Hacıyevdən tutulub dövlətin büdcəsinə köçürülməsini istəyib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb, tamamlanmadan iclasda fasilə elan olunub.

Proses günün ikinci yarısında davam etdiriləcək.

İttihama görə, C. Hacıyev və komandası 4,7 milyard manat pulu mənimsəməkdə, 1,8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.

Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.

Oxşar xəbərlər