“Kərpic zavoduna gəldim, arvadım dedi, məni Taleh saxlayacaq...” – Ailə dəhşəti

“Kərpic zavoduna gəldim, arvadım dedi, məni Taleh saxlayacaq...” – Ailə dəhşəti Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirli bilinən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Faktaz.com xəbər verir ki, Anar Mustafayev qeyri-rəsmi nikahda olduğu 1986-cı il təvəllüdlü Tünzalə Mustafayevanın mobil telefondan istifadəsinə qadağa qoyub.

Buna baxmayaraq, Tünzalə əri kimi yaşadığı Anardan gizli mobil telefondan istifadə edib. Ər arvadının telefonu olduğunu bilib və onu kənar şəxsdən almasından şübhələnib. 4 sentyabr 2016-cı il tarixdə, saat 23 radələrində Abşeronun Nübar qəsəbəsində kirayə yaşadıqları evdə Tünzalənin hamamda telefonla danışdığını görüb.

Anar telefonu Tünzalənin əlindən alıb, telefonun kimə məxsus olduğunu və kiminlə danışdığını soruşub. Qadın ərinə iş yoldaşı ilə danışdığını və sabah işin olub-olmayacağını soruşduğunu bildirib.

Anar Mustafayev arvadının sözlərinə inanmayıb və telefonu onun əlindən alıb. O, arvadının danışdığı şəxsə zəng vurub, bu zaman həmin şəxsin səsindən onun tanımadığı kişi olduğunu bilib və hədələyib. Tünzalə ərinin bu hərəkətindən qorxaraq 2006-cı il təvəllüdlü qızı Gülüstanı özü ilə götürərək ev sahibi Minə Məmmədovanın yaşadığı mənzilə qaçıb.

Tünzalə gecə azyaşlı qızı ilə naməlum istiqamətə gedib.

Sentyabrın 5-də Anar oğlanları, 2003-cü il təvəllüdlü Əlifalı və 2007-ci il təvəllüdlü Aqşini götürərək valideynlərinin yaşadığı Şamaxı rayonunun Dağ Bağırlı kəndinə gedib.

Ertəsi gün, Anar Dağ Bağırlı kəndində olanda Tünzalənin fəhlə işlədiyi Güzdək qəsəbəsində “RİAD-İ” MMC-nin nəzdində fəaliyyət göstərən Kərpic istehsalı sexinin icraçı direktoru Elvin Əliyevdən xəbər tutub ki, arvadı zavoddadır.

Anar Tünzalə Mustafayevanın kənar şəxslə görüşdüyünü düşünüb və onu öldürmək qərarına gəlib. Bu məqsədlə kənddə evlərində olan mətbəx bıçağını götürərək həmin gün saat 11 radələrində zavoda gəlib.

Zavodda fəhlələrin istirahəti üçün ayrılmış otaqda arvadı Tünzalənin yanında olan azyaşlı qızı Gülüstanı otaqdan çıxarıb. Sonra Tünzaləni öldürmək məqsədilə özündə olan bıçaqla onun bədənin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxlu zərbələr vurub.

Tünzalə Mustafayevanın qışqırtısına yaxınlıqda olan və həmin zavodda fəhlə işləyən Raqil Əhədli ilə İsmət Hacanov gəlib.

Hər iki şəxs Anar Mustafayevi tutaraq onun Tünzalə Mustafayevaya bıçaqla əlavə zərbələr yetirməsinə imkan verməyib, onu otaqdan çıxarıblar.

Tünzalə Mustafayeva orada olan şəxslərin köməyilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzi xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Anar Mustafayev həbs edilib.

Anar Mustafayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Anar Mustafayev bildirib ki, ailədə baş verən söz-söhbətlərə arvadının telefon işlətməsi səbəb olub: “Mən fəhləlik edib ailəmi saxlamışam. Son vaxtlar səyyar ticarətlə məşğul olurdum. Ailə dolanışığımız çətin olduğu üçün Tünzalə də işləməyə başladı. Uşaqları səhər məktəbə aparıb, mən də işə gedirdim. Tünzalə Qobu tərəfdə olan daş sexlərindən birində işləyirdi. Sonra Tünzalənin telefon işlətdiyini bildim. Bizdə nəsillikcə belə şey olmayıb. Mən istəsəydim, ona telefon alardım. Bir gün səhər Tünzalə işə gedəndə, gördüm ki, dayanacaqda telefonla danışır. Mən çatmaq istəyəndə işin maşınına minib getdi. Axşam evə gəldim. Gizli şəkildə hamamda telefonla danışdığını eşitdim. Soruşdum ki, danışdığın kimdir?

Birinci dedi ki, iş yoldaşım Günaydır. Mən kişi səsi eşitmişdim. Sonra da dedi ki, Günayın əridir, telefonu o, açıb. Telefonu əlindən alıb, zənglərə baxdım, mesajları gördüm. Bunlar istintaq materiallarında da var. Sonra qızımı evdən götürüb qaçdı”.

Anar Mustafayev qeyd edib ki, bir müddət arvadından və qızından xəbər tuta bilməyib: “Tünzalənin atasına zəng etdim. Qayınatama dedim ki, qızın yoxa çıxıb, sonra onu axtarmağa başladım. Mən ailəmi dağıtmaq istəyən adam olmamışam. Üç uşaq atasıyam. Əgər ailəmi dağıtmaq istəsəydim, ya ailə qurmazdım, ya da bunu çoxdan edərdim.

Hər kəsdən, bütün qohumlardan Tünzaləni soraqlaşdım. Amma tapa bilmədim. Bir müddət işinə getdim, tanışlardan soruşmaqla axtarmağa davam elədim. Bir gün xəbər tutdum ki, Tünzalə işlədiyi sexə qayıdıb. Onu görmək üçün sexə getdim. Evdən çıxanda cibimə bıçaq qoydum. Məqsədim onu vurmaq və ya öldürmək olmayıb. Cibimə bıçaq qoydum ki, birdən orada üstümə hücum edərlər. Tünzaləni nə öldürmək, nə də vurmaq fikrim var idi. Həm də qızım orada idi. Onun yanında bunu etməzdim”.

Anar Mustafayev bildirib ki, Tünzəladən evdən getməsinin səbəbini soruşub: “Mənə dedi ki, Taleh məni alıb, saxlayacaq, özünə arvad edəcək. Bu sözlərdən sonra beynim çöndü, özümü idarə edə bilmədim. Cibimdən bıçağı çıxarıb onu vurdum”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Mustafayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Anar Mustafayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Anar Mustafayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib.

Qərara görə, Anar Mustafayevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 il 10 ay 15 gün müddətinə qədər endirilib.

Bu qərardan narazı qalan məhkum kasasiya şikayəti verib. O, barəsində olan qərarın ləğv edilməsini, cəzasını daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.

Anar Mustafayevin şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Anar Mustafayevin kasasiya şikayəti təmin olunmayıb.

Oxşar xəbərlər