Fəridə evindən oğurluq edənlərlə barışdı

Fəridə evindən oğurluq edənlərlə barışdı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın məhkəməsi keçirilib.
Faktaz.com-un verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ötən iclasa gəlməyən təqsirləndirilən Nərgiz Fərəcova məhkəmədə iştirak edib.

O bildirib ki, səhhəti ilə bağlı müalicə olunur: "Hazırda xəstəxanadan çıxıb bura gəlmişəm, hələ də dərmanların təsiri altındayam".

Hakim ona xəbərdarlıq edib ki, bir də məhkəməyə məlumat vermədən prosesdə iştirak etməsə, barəsində
həbs qətimkan tədbiri seçilə bilər.

Zərərçəkmiş Fəridə Əzizova deyib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb: "Dünən 8 min manat nağd ödəniş edildi, qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Hər hansı şikayətim yoxdur".

Məhkəmədə Fəridə Əzizovanın sol qolunun zədələndiyi və hazırda gipsdə olduğu məlum olub. O bildirib ki, məşq zamanı ağır zədə aləb və əlavə edib ki, yaxın günlərdə xarici ölkələrin birində yarışa çıxacaq.

Proses oktyabrın 17-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Oxşar xəbərlər