İcra başçısının məhkəməyə verdiyi həyətdən - Video

İcra başçısının məhkəməyə verdiyi həyətdən - Video Bakıda Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun bağlanmasını tələb etdiyi it sığınacağı hələ ki, fəaliyyətini davam etdirir. Hazırda burada 300-ə qədər it müalicə olunur və həyatda qalmaları üçün onlara yardım edilir.

“Qafqazinfo”nun əməkdaşları vətəndaş Eldar Mansurova məxsus həyətdə salınmış Mərdəkandakı sığınacaqda olublar. Hazırda sığınacağın sahibi onun oğlu Fərid Mansurovdur. O deyir ki, 2016-cı ildə yaradılan bu yerdə vəzifəli və tanınmış şəxslərin itləri də var.

Burada daha çox qayğıya ehtiyacı olan itlər saxlanılır. İtlər nə qədər “insanın dostu” adlandırılsa da, buraya insanlar tərəfindən düşmən münasibəti görən itlər sığınıb. Belə ki, adına “kira” deyilən iti Balaxanı qəsəbəsində üzərinə qaynar qır tökərək bir ayağından məhrum ediblər. Elə adını da onu ölümə aparan “qır” sözünün rus dilindəki qarşılığından alıb.

Sığınacaq sahibi bildirir ki, iki alman “ovçarka”sı da insanların şiddətinin qurbanı olub. Onlardan biri sahibinə sadəcə hürdüyü üçün güllələnib, digərinin isə qabaq əlləri Binə qəsəbəsində insanlar tərəfindən tapdalanıb və qırıq-qırıq ediblər.

Küçədə yaşayan, ac qalan, xəstəlik tutan digər onlarla it də sığınacaqda həyata qayıdıb. Bu həyətin ən nəhəng iti ağ alabaydır. O isə insanların pul və kef hərisinin qulu olub. Uzun müddət alabayı başqa itlərlə döyüşdürüb pul qazanan sahibi ölüm anında onu qan içində bu sığınacağa təhvil verib. 20 günlük müalicədən sonra artıq alabay normal həyata qayıdıb.

İcra başçısı Gülağa İslamov isə bu sığınacağın yerləşdiyi bağ evinin sahibi Eldar Mansurovu məhkəməyə verib. Başçı məhkəmədən tələb edib ki, bu şəxslərə it saxlamaq hüququ qadağan edilsin. Lakin İslamov itlərin sonrakı taleyi ilə bağlı hər hansı təklif verməyib.

Qeyd edək ki, bundan öncə Baytarlıq Xidməti sığınacaq sahibini 400 manat, Xəzər Rayon Polis İdarəsi isə 200 manat cərimə edib. Lakin məhkəmə hər iki cəriməni qanunsuz olduğu üçün ləğv edib.

Hazırda G.İslamovun iddiasi üzrə məhkəmə prosesi davam edir. İlkin baxış iclası Xəzər Rayon Məhkəməsində sentyabrın 28-də keçiriləcək.

Oxşar xəbərlər