Qıza görə tanışını bıçaqlayanın məhkəməsindən - “İçəndə şuluqluq edir...”

Qıza görə tanışını bıçaqlayanın məhkəməsindən - “İçəndə şuluqluq edir...” Bakı Ağır Cinayətlər Məhkəməsində qıza söz atdığı üçün tanışını bıçaqlamaqda təqsirləndirilən Vüsal Qurbanovun məhkəməsi keçirilib.

Faktaz.com-un verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə şahidlər dindirilib. Məhkəmədə elan olunub ki, zərərçəkən Tələt Həsənov ölkədə olmadığı üçün prosesdə iştirak etməyib.

Hadisənin baş verdiyi Məhəmmədi qəsəbəsində yerləşən “Odlar Yurdu” kafesinin icarədarı olan xanım şahid qismində ifadə verib. O bildirib ki, kafedə həm də aşbaz kimi fəaliyyət göstərib: “Tələt usta işləyirdi, həmişə də bizim kafedə yemək yeyirdi. Hadisə günü də bir nəfərlə gəlib oturmuşdu. Mən onlara yemək verdim, daha sonra Vüsal kafeyə gəldi, içkili idi. Tələtgil də içmişdi. Tələt Vüsalı stola dəvət etdi, bir yerdə oturdular. Yan masada da 2 xanım vardı. Mən mətbəxdə olurdum deyə davanın səbəbini detallı bilmirəm. Amma gördüm ki, arada Vüsalla Tələt tez-tez çölə çıxıb qayıdırlar. Sonra qəfildən çöldə səs-küy düşdü.

Gördüm qarışıqlıqdı, kafeni bağlayıb getdim ki, birdən nəsə olar. Vüsal gəlib kafeni açdırdı, ayaqqabısı içəridə qalmışdı, onu götürüb getdi. Mən təkrar kafeni bağlayıb dayanacağa getdim. Oradan görürdüm ki, Vüsalla Tələt hələ də dava edirlər. Sonra avtobusa minib getdim, səhəri gün eşitdim ki, Vüsal Tələti bıçaqlayıb. Həmin gün bildim ki, Tələt kafedə olan xanımlara nəsə təklif edib, onlardan xoşu gəldiyini deyib. Qızlar da Tələti söyüb çıxıb gediblər, Vüsal da qızları müdafiə edib. Davaları da buna görə düşüb. Həmin gün hər ikisi çox içkili idi. Vallah Vüsal çox yaxşı uşaqdı, içəndə biraz şuluqluq edir, amma içməyəndə yaxşı oğlandı. Mən xərçəng xəstəsiyəm, sayılı günlərim qalıb. Vüsalın heç nədən bura düşməyinə görə gəlib danışmaq istədim”.

T.Həsənovun həyat yoldaşı Vəsilə Məmmədova deyib ki, əri Rusiyanın Rostov şəhərindədir: “İnfarkt keçirib, orada müalicə olunur. Özü də barışıq ərizəsi verib, heç bir şikayətimiz yoxdur. Vüsal bizim qonşumuzdu, heç vaxt da münaqişəmiz olmayıb”.

Proses sentyabrın 18-də davam etdiriləcək.

İttihama görə, V.Qurbanov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.

Oxşar xəbərlər