“Mənə çörək verirdilər, niyə oranı yandırım ki?”

“Mənə çörək verirdilər, niyə oranı yandırım ki?” Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Faktaz.com nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə baxış iclası baş tutub.

M. Abdullayevin vəkili Ceyhun Yusifov qeyd edib ki, 2011-ci ildə Narkoloji Mərkəzin binasının istismara yararsız olması barədə akt imzalanıb.

Prokuror çıxış edərək ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini günahkar bilmədiklərini deyiblər.

Məhəmməd Məmmədov məhkəmədə ifadə verərək Mərkəzdə yanğını törətmədiyini deyib: "Martın 1-i səhər tibb bacısı Şəlalə xanım mənə dedi ki, sənin müalicə vaxtın uzadılıb. Mən dedim nəyə analiz verirəm, onsuz da eyni şeyi yazırsız. Başqa heç nə deməmişəm. Amma Şəlalə xanım deyib ki, mən oranı yandıracağımı demişəm. Mən belə söz deməmişəm. Məni Mərkəzə zorla aparırdılar, evdə yatırdım, ailəm zəng edirdi, yatdığım yerdə gəlib məni aparırdılar. Evdə iynə vururdular, gözümü açırdım ki, xəstəxanadayam. Özüm orada "svarşik", santexnik işləyirdim, çarpayıları düzəldirdim. Yanğın vaxtı da hamı kimi mən də canımı götürüb qaçmışam. Onlar mənə çörək verirdi, niyə oranı yandırım ki?”

Proses sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb.

Oxşar xəbərlər