Polis sərnişinlərə atəş açdı - 1 ölü, 2 yaralı

Polis sərnişinlərə atəş açdı - 1 ölü, 2 yaralı İranda polis əməkdaşlarından biri sərnişinlə dolu avtomobili atəşə tutub.
Faktaz.com xəbər verir ki, hadisə ölkənin Kirmanşah şəhərində qeydə alınıb. 3 gün əvvəl qeydə alınan hadisənin səbəbləri araşdırılır. İlkin məlumatlara görə, hadisə avqustun 19-da, səhər saatlarında Kirmanşah şəhərində yerləşən taxta bazarı yaxınlığında baş verib.

Kirmanşah hüquq-mühafizə orqanları bilinməyən səbəblərdən irəlidən gələn avtomobili dayandırıb. Saxlanılan avtomobilin sərnişinləri ilə polis əməkdaşı arasında naməlum səbəbdən yaşanan mübahisə böyüyüb və polis əməkdaşı gözlənilmədən silahını çıxararaq sərnişinlərə atəş açıb. Hadisə nəticəsində Kirmanşah şəhər sakinləri – 24 yaşlı Məcid Yaqubniya, 23 yaşlı Miad Pələngi və 25 yaşlı Miad Şaveysi vurulub. Məcid Yaqubniya aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sərnişinlərə atəş açan polis əməkdaşının kimliyi və hadisəni törətmə səbəbi haqqında təfərrüat açıqlanmır.

Oxşar xəbərlər