Maştağada maskalı basqın: Ev sahibinə işgəncə verildi

Maştağada maskalı basqın: Ev sahibinə işgəncə verildi Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses avqustun 6-da davam edəcək.

İttihama görə, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanım Ağayevanı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən Nəcəfəli Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Oxşar xəbərlər